SİYASƏT


Azərbaycanın müasir texnologiyalara açıq olması genişmiqyaslı əməkdaşlıqlar üçün yeni imkanlar yaradır

Bakı, 25 may, Səadət Hakıyeva, AZƏRTAC

Dünyanın ən nüfuzlu şirkətləri Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. Bu, ilk növbədə, ölkəmizin etibarlı tərəfdaş kimi artan nüfuzu, eyni zamanda, Azərbaycanda mövcud olan əlverilşli biznes mühiti, siyasi və iqtisadi sabitliklə birbaşa əlaqəlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputatın sözlərinə görə, nüfuzlu şirkətlərin ölkəmizə artan marağını hər il Azərbaycan Prezidentinin Davos İqtisadi Forumunda keçirdiyi görüşlərdən də aydın görmək mümkündür. Elə dünyanın 74 ölkəsində fəaliyyət göstərən və işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birincilərdən olan “Signify” şirkətinin ölkəmizlə ən genişmiqyaslı layihəsi ilə bağlı əməkdaşlıqla əlaqədar razılaşma da Davosda aparılan müzakirələr zamanı əldə olunub. Ötən həftə “Signify” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin rəhbərliyi arasında baş tutan videokonfransda səslənən fikirlərdən də aydın oldu ki, pandemiyanın bütün sahələrə təsirinə rəğmən sözügedən layihə artıq icra mərhələsindədir. Bu, eyni zamanda, göstərir ki, Azərbaycanın uğurlu investisiya və innovasiya siyasəti, yeni texnologiyalardan səmərəli istifadə ölkəmizin cəlbediciliyini artırır və nüfuzlu şirkətlər bizimlə uzunmüddətli əməkdaşlıqda maraqlıdır.

K.Nurullayeva diqqətə çatdırıb ki, “Signify” şirkətinin “Ağıllı şəhər” layihəsi çərcivəsində paytaxt Bakı üçün minlərlə yeni küçə işığını özündə ehtiva edən birinci mərhələnin sentyabrın sonunadək icrası nəzərdə tutulur. Növbəti mərhələdə Sumqayıt şəhərinin işıqlandırma sisteminin təkmilləşdirilməsi planlaşdırılır və ilk növbədə işıqlandırma sistemi yaxşı olmayan ərazilər əhatə olunacaq. Bu əməkdaşlığın əsas üstünlüklərindən biri də şəhər həyatını yaxşılaşdrmaqla yanaşı, xeyli miqdarda enerjiyə və yanacağa qənaət edilməsidir ki, bu da innovasiyaların düzgün tətbiqinin iqtisadi artımla birbaşa əlaqəli olduğunu təsdiqləyir.

Deputat vurğulayıb ki, Azərbaycanın müasir texnologiyalara açıq olması, ölkəmizin rəqəmsal mərkəzə çevrilməsi, həyata keçirilən uğurlu innovasiya siyasəti genişmiqyaslı əməkdaşlıqlar üçün də yeni imkanlar yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.