ELM VƏ TƏHSİL
Azərbaycanın multikultural siyasəti yüksək qiymətləndirilir
Bakı, 24 may, AZƏRTAC
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Azərbaycanın multikultural siyasətini, dayanıqlı inkişaf məqsədilə həyata keçirdiyi fəaliyyətini yüksək qiymətləndirdilər. Onlar Azərbaycan Respublikasının təhsil sistemində multikulturalizmin bir fənn kimi tədris olunmasını alqışladılar və multikulturalizmin Azərbaycan modelinin beynəlxalq təhsil sisteminə tətbiq olunmasını tövsiyə etdilər.
Bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Telman Haqverdiyev AZƏRTAC-a müsahibəsində deyib. Forumun “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirildiyini xatırladan Telman Haqverdiyev açılış mərasimində Prezident İlham Əliyevin dərin məzmunlu nitqinin Forum iştirakçılarında böyük maraq doğurduğunu vurğulayıb. Qeyd edib ki, bu cür tədbirlərə ev sahibliyi edən Azərbaycanın nüfuzu dünyada gündən-günə möhkəmlənir. Bütün bunlar bizi multikultural dəyərləri, tolerantlığı təbliğ etməyə ruhlandırır.