İQTİSADİYYAT
Azərbaycanın neft emalı məhsullarının ixrac olunduğu ölkələr açıqlanıb
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycanın neft emalı məhsullarının ixrac olunduğu ölkələr açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2019-cu ildə görülmüş işlərə dair hesabatda deyilir.
Hesabata görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda ilk neft hasilatından bəri təqribən 500,4 milyon ton xam neft çıxarılıb. Ölkə iqtisadiyyatının mühüm amillərindən olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə təqribən 404 milyon ton Azərbaycan mənşəli xam neft ixrac olunub. BTC-nin gündəlik ötürmə gücü hazırda 1 milyon barrel olmaqla, boru kəməri vasitəsilə Azərbaycandan əsasən AÇG nefti və “Şahdəniz” kondensatı, həmçinin əlavə olaraq Türkmənistan və Qazaxıstan mənşəli neft də nəql edilir. Hazırda neft emalı məhsullarımız ABŞ, İtaliya, Misir, Yunanıstan, İspaniya, Ukrayna, Vyetnam, neft-kimya məhsullarımız isə Çin, Niderland, Belçika, Bolqarıstan, Çexiya, Litva, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Hindistan və başqa ölkələrə ixrac olunur.