CƏMİYYƏT
Azərbaycanın qida mütəxəssislərinin Rusiyaya təcrübə səfəri davam edir
Bakı, 6 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun bitki sağlamlığı üzrə mütəxəssislərinin Rusiya Federasiyasına təcrübə səfəri davam edir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Agentlik sədrinin müşaviri Camal Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Ümumrusiya Bitki Karantini Mərkəzi” Federal Dövlət Büdcə Təşkilatının tabeliyində fəaliyyət göstərən Fumiqasiya Mərkəzi və Bitkilərin Mühafizəsi üzrə İnnovativ Metodların Tətbiqi və İnkişafı Mərkəzinin əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirib.
Görüşdə təzə meyvə və tərəvəzlərin fumiqasiyası, feromon tələlərinin tətbiqinin səmərəliliyi mövzusunda fikir mübadiləsi aparılıb. Azərbaycanlı mütəxəssislər Rusiya Federasiyasının ümumi fitosanitar vəziyyəti, karantin fitosanitar ərazilərin dəyişməsi və ya ləğv edilməsi üzrə praktik istiqamətlərin qurulması və idxal prosesi zamanı bitki və bitkiçilik məhsulları ilə əlaqədar risklərin idarə olunması tədbirləri çərçivəsində fitosanitar qiymətləndirilməsi metodikası ilə yaxından tanış olublar.
Eyni zamanda, iştirakçılara monitorinq və müşahidələrin aparılması, Rusiya Federasiyasının qanunvericiliyinə əsasən nəzarət tədbirlərinin tənzimlənməsi, metodiki təminatının hazırlanması və məlumat bazasının yaradılması barədə ətraflı məlumat verilib.
Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasının əməkdaşları entomologiya laboratoriyasında kolleksiya materialları və mikropreparatların hazırlanması, həşəratların molekulyar metodla təyini prosesini yaxından izləyiblər.
Azərbaycanlı mütəxəssislərdən ibarət nümayəndə heyətinin Rusiya Federasiyasına təcrübə səfəri davam edir.