SİYASƏT
Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən bir sıra Avropa ölkələri də faydalanırlar
Bakı, 29 fevral, AZƏRTAC
Cənub Qaz Dəhlizinə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. Təqribən 1,2 trilyon təbii qaz ehtiyatına malik “Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və Cənub Qaz Dəhlizinin hasilat mənbəyidir. Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 kilometrdir. Gürcüstanın sərhədindəki Türkgözü kəndində TANAP-a birləşən boru xəttinin 443 kilometri Azərbaycandan, 248 kilometri Gürcüstandan keçir. Layihə çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 7 milyard kubmetrdən 23 milyard kubmetrə qaldırılıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov bildirib.
O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı ölkələrini və qonşu respublikaları enerji resursları ilə təmin edəcək mühüm bir layihədir. Layihə həm istehsalçı, həm tranzit, həm də istehlakçı ölkələrin maraqlarının uzlaşdırılması baxımından ölkələrarası əməkdaşlığın müasir formasıdır. Onun sözlərinə görə, layihənin bütün komponentlərinin bitməsinə çox az bir zaman qaldı. Tezliklə kəmər ilkin gücü ilə tam olaraq fəaliyyətə başlayacaq. Xəzər dənizinin enerji potensialının dünyaya açılması üçün layihə mühüm və tarixi rol oynayır. Bu imkan həm də region ölkələrinin iqtisadiyyatını gücləndirməklə onların müstəqilliklərini də möhkəmləndirəcək. İqtisadçı vurğulayıb ki, çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən, dayanıqlı inkişafı dəstəkləyən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalanırlar.
Cənub Qaz Dəhlizini Azərbaycanın enerji sektoru üçün yeni parlaq bir mərhələ hesab edən A.Hüseynov bildirib ki, 2020-ci ilin sonunda Azərbaycan artıq TAP kəməri vasitəsilə öz qazını Avropaya çıxara biləcək. Birinci mərhələdə Avropaya 10, ikinci mərhələdə isə 20 milyard kubmetr qazın nəqli nəzərdə tutulur.
İqtisadçının fikrincə, Cənub Qaz Dəhlizinin bütövlükdə ötürmə qabiliyyəti 31,5 milyard kubmetr olacaq ki, bu da praktik olaraq Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq. Mütəxəssis belə qənaətdədir ki, Cənub Qaz Dəhlizinin reallaşması Azərbaycanın dövlət büdcəsi gəlirlərinin daha da artması, ölkəyə valyutanın davamlı şəkildə daxil olması baxımından olduqca vacibdir.
Qeyd edək ki, fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib. İclasa 13 ölkədən rəsmilər qatılıblar. 2019-cu il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP-ın istifadəyə verilməsi münasibətilə təntənəli mərasim təşkil olunub.