İDMAN
Azərbaycanın üç güləşçisi dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, çempionatın birinci günündə yunan-Roma güləşi üzrə 55, 63, 72 və 82 kiloqram çəki dərəcələrində yarışlar keçirilir.
Dünya çempionu Eldəniz Əzizli (55 kq) yarışa qələbə ilə başlayıb. Təmsilçimiz hindistanlı Manjet Manjeti məğlub edərək dörddəbir finala yüksəlib. İdmançımızın növbəti rəqibi Monqolustan güləşçisi Davaabandi Munh Erden olacaq.
Milli komandamızın üzvü Sənan Süleymanov (72 kq) xorvatiyalı Dominik Etlinger və Yuri Lomadzeni (Gürcüstan) məğlub edərək dörddəbir finala adlayıb. Yarımfinala vəsiqə uğrunda görüşdə güləşçimiz Balint Korpaşi (Macarıstan) ilə üz-üzə gələcək.
Digər güləşçimiz Rafiq Hüseynov (82 kq) da çempionatda uğurlu çıxışını davam etdirir. Belə ki, moldovalı Mixail Bradu və Ukrayna idmançısı Yuri Şkriubaya qalib gələn R.Hüseynov dörddəbir finalda qazaxıstanlı Maxat Yerejepov ilə qarşılaşacaq.