SİYASƏT
Azərbaycanın və İsrailin gənclər təşkilatları arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur
Təl-Əviv, 26 fevral (AZƏRTAC). Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün İsraildə səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fuad Muradov “İsrail Bizim Evimizdir” Partiyasının gənclər təşkilatının üzvləri ilə görüşmüşdür.
Fuad Muradov Azərbaycanın inkişaf perspektivləri, regionda və dünyada artan rolu barədə israilli gənclərə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanın bugünkü inkişafında gənclərin də rolu vardır. Azərbaycan dövləti gələcəyin liderləri olan gənclərin problemlərinin həllinə xüsusi diqqət yetirir. Ölkədə həyata keçirilən gənclər siyasəti, gənclərlə bağlı qəbul olunmuş dövlət proqramları Azərbaycan gəncləri tərəfindən yüksək qiymətləndirilir.
Milli Məclisin deputatı Azərbaycanın və İsrailin gənclər təşkilatları arasında əlaqələrin inkişafının əhəmiyyətini qeyd etmiş, gənclər arasında müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.
Sonra F.Muradov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə ətraflı məlumat vermişdir.
Ölkələrimiz arasında əlaqələrin inkişafında siyasi partiyaların, eləcə də gənclər təşkilatlarının rolunu qeyd edən “İsrail Bizim Evimizdir” Partiyası gənclər birliyinin sədri Odel Forer demişdir ki, onun üzvü olduğu partiya, eləcə də gənclər birliyi azərbaycanlı həmyaşıdları və siyasi həmfikirləri ilə əlaqələrin inkişafında maraqlıdır.
Görüşdə gənclər təşkilatları arasında əlaqələrin inkişaf istiqamətləri, gənclərin iştirakı ilə birgə layihələrin hazırlanması, qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Xətayi Əzizov
AZƏRTAC-ın müxbiri
Təl-Əviv