İQTİSADİYYAT
Azərbaycanla İraq arasındakı əlaqələrin perspektivləri müzakirə edilib
Bağdad, 9 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İraq Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov bu ölkənin Kənd Təsərrüfatı naziri Məhəmməd Al-Xafacı ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, iki dost ölkə arasındakı tarixi, dini və mədəni əlaqələr haqqında danışan N.Məmmədov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar, kənd təsərrüfatının inkişafı üçün tətbiq edilən yeniliklər barədə ətraflı danışıb. Qeyd olunub ki, kənd təsərrüfatı qeyri-neft sektorunun inkişafında mühüm rola malikdir və aqrar sahənin inkişafı ölkəmizdə prioritet sahələrdən biridir.
Nazir M.Al-Xafacı İraqın ölkəmizlə kənd təsərrüfatı sahəsində əlaqələrin inkişaf etdirilməsi, hüquqi bazanın yaradılması və digər zəruri tədbirlərin görülməsi üçün hazır olduğunu diqqətə çatdırıb.
Daha sonra Azərbaycanla İraq arasında kənd təsərrüfatı məhsullarının idxal-ixrac əməliyyatları və bunun həyata keçirilməsi üçün gələcək perspektivlər barədə planlar müzakirə edilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad