SİYASƏT


Azərbaycanla Kuba arasında iqtisadi sahədə, parlament səviyyəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının sədr müavini Ana Mariya Mari Maçadonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Milli Məclis sədrinin birinci müavini Kuba nümayəndə heyətinin Azərbaycanın aparıcılığı ilə keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirakından məmnunluq duyduğunu bildirib. Hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatında Kuba dövlətinin və siyasətçilərinin zamanında böyük rol oynadığını deyən Əli Hüseynli Azərbaycanla Kubanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatında əməkdaşlığını, ölkələrimizin bir-birini dəstəkləməsini qeyd edib. Xalqlarımız arasında oxşarlıqlara diqqət çəkən komitə sədri Azərbaycan və Kubanın hələ sovet dövründə sıx əlaqələr qurmasına toxunub, bu ənənənin davamı kimi kubalı gənclərin indi də Azərbaycanın Dövlət Neft və Sənaye Universitetində təhsil almağa həvəs göstərdiklərini diqqətə çatdırıb.

O, bu tarixi əlaqələrə müstəqillik illərində də önəm verilməsindən bəhs edib, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda iki ölkə arasında mövcud əməkdaşlığı, habelə yüksək səviyyəli siyasi dialoqu xüsusi vurğulayıb. Kubanın hər zaman dünyada sülhün, ölkələrin suverenliyinin tərəfdarı olmasına diqqət çəkən Əli Hüseynli vaxtilə Ermənistanın işğalına məruz qalan Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü Kubanın dəstəkləməsindən məmnunluqla söz açıb.

Əli Hüseynli Kuba Milli Assambleyası nümayəndə heyətinin Azərbaycana səfərinin parlamentlərarası əlaqələrə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Kuba Milli Assambleyasının sədr müavini Ana Mariya Mari Maçado səmimi qəbula görə minnətdarlığını bildirib. Ana Mariya Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının daha da möhkəmləndirilməsi təşəbbüslərini yüksək qiymətləndirib, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis olunmasının vacibliyini qeyd edib, Azərbaycan tərəfindən nümayiş etdirilən yüksək təşkilatçılığı və qonaqpərvərliyi vurğulayıb, təşkilata uğurlar arzulayıb.

Həmçinin görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin təsis olunması məsələləri müzakirə edilib, ölkələrimiz arasında ikitərəfli səviyyədə, o cümlədən iqtisadi sahədə, parlament səviyyəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Kuba Milli Assambleyasının Beynəlxalq əlaqələr komissiyasının sədri Yolanda Ferrer Qomes, Kuba Respublikasının ölkəmizdəki səfiri Karlos Enrike Valdes de la Konsepsyon və digər rəsmi şəxslər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.