İQTİSADİYYAT


Azərbaycanla Pakistan arasında ticarət missiyalarının mübadiləsi müzakirə olunub

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ikinci iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Pakistanda təşkil edilmiş iclasda iqtisadiyyat nazirinin müavini, Birgə İşçi Qrupunun həmsədri Rüfət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində Pakistanın Baş nazirinin ticarət, tekstil, sənaye və istehsal üzrə müşaviri Abdul Rəzak Davud, Baş nazirin aparatının İnvestisiya Şurasının sədri Harun Şəriş, ticarət katibi, Birgə İşçi Qrupunun həmsədri Məhəmməd Yunus Dağa, energetika nazirinin müavini Mian Əsəd Hayud Dinlə görüşlər keçirilib, Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb. Vurğulanıb ki, Azərbaycan və Pakistan arasında siyasi-iqtisadi əlaqələr yüksək səviyyədədir. Qarşılıqlı yüksək səviyyəli səfərlər və aparılan danışıqlar iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm əhəmiyyətə malikdir.

Görüşlərdə Azərbaycan iqtisadiyyatı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində aparılan islahatlar, xarici ölkələrə həyata keçirilən ixrac missiyaları və "Made in Azerbaijan" brendinin təşviqi sahəsində görülən işlərlə bağlı məlumat verilib. İclasda ticarət dövriyyəsinin artırılması və hər iki ölkənin iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsi, potensial ixrac bazarlarının araşdırılması məqsədilə ixracyönümlü məhsullar barədə məlumat mübadiləsinin aparılması, işgüzar dairələr arasında qarşılıqlı səfərlərin, sərgilərin təşkili məsələləri müzakirə edilib.

Birgə İşçi Qrupunun iclasında, həmçinin kiçik və orta sahibkarlıq müəssisələri arasında əməkdaşlığın inkişafı məqsədilə təcrübə mübadiləsinin aparılması, mümkün potensial layihələr və birgə müəssisələr barədə məlumat mübadiləsinin aparılması, işgüzar dairələr arasında qarşılıqlı səfərlər, həmçinin iki ölkədə keçirilən yarmarka və sərgilərdə iştirakın təmin edilməsi, ticarət missiyalarının mübadiləsi, sanitar, fitosanitar və baytarlıq sertifikatlarının qarşılıqlı tanınması məsələləri barədə fikir mübadiləsi aparılıb.

İclasın sonunda Birgə İşçi Qrupunun protokolu imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.