CƏMİYYƏT
Azərbaycanla Rumıniya arasında strateji əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb
Bakı, 16 mart, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev VII Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rumıniyanın Baş nazirinin müavini Ana Birçalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, S.Babayev Prezident İlham Əliyevin uğurlu xarici siyasətində Rumıniya ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verildiyini, iki ölkə arasında qurulan strateji tərəfdaşlığın ildən-ilə gücləndiyini bildirib, Rumıniyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyinə, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü ifadə edib.
Nazir bununla bağlı Rumıniyanın Avropa İttifaqı (Aİ), ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə dəstəyinin, Aİ-Azərbaycan əlaqələrinin genişlənməsində fəal iştirakının əhəmiyyəti barədə danışıb. Ölkələrimiz arasında hökumətlərarası Müştərək Komissiyanın fəaliyyətindən bəhs edən S.Babayev komissiyanın ötən il Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən 5-ci iclasının səmərəli olduğunu bildirib.
A.Birçal Azərbaycana səfərə gəlməkdən, VII Qlobal Bakı Forumunda iştirak etməkdən məmnunluğunu ifadə edib, Forumun qlobal əhəmiyyətini vurğulayıb. O, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əlaqələrin daim inkişaf etdiyini və genişləndiyini, Müştərək Komissiya tərəfindən bu sahədə yeni uğurlu nəticələrə yönəlik məqsədyönlü işlərin aparıldığını qeyd edib.
Görüşdə komissiyanın ötənilki 5-ci iclası zamanı əldə olunmuş razılığa əsasən iki ölkə arasında praktiki əməkdaşlığa dair hazırlanmış Tədbirlər Planı layihəsindən bəhs olunub. Layihənin təkmil şəkildə hazırlanması üçün aparılan işlər qeyd edilib. Ticarət-iqtisadi və elmi-texniki sahələrdə əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rumıniyanın Əmək və Sosial Ədalət Nazirliyi arasında Anlaşma Memorandumu” layihəsi də müzakirə edilib.