ELM VƏ TƏHSİL


Azərbaycanlı alimin məqalələri yüksək impakt faktorlu jurnallarda dərc edilib

Bakı, 31 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Mikrobiologiya kafedrasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu məqalələri “Web of Science”, “Clarivate Analitics” elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda dərc olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “Tərkibində misvak (Salvadora persica L.) ekstraktı olan bionanokompozitlə gücləndirilmiş titanium dioksid (TiO2) nanohissəciklərinin hazırlanması və xarakteristikası - antimikrob, termofiziki və baryer xassələri” adlı məqalədə (“International Journal of Nanomedicine”) antimikrob preparatın xüsusiyyətləri açıqlanıb.

“Karbohidrat polimer-əsaslı gümüş nanohissəciklər: antimikrob sarğı materiallarında yeni nailiyyətlər” sərlövhəli məqalədə (“Carbohydrate Polymers” jurnalında) irinli yara törədən bakteriyalara qarşı mübarizədə gümüş nanohissəciklərin tətbiqi ilə bağlı əldə olunan son nailiyyətlər təhlil olunub.

“Vərəm xəstəliyində kodlaşdırılmayan uzun RNT molekulları” başlıqlı məqalədə (“International Journal of Biological Macromolecules”) xəstəliyi törədən bakteriyaların antibiotiklərə qarşı davamlılıq mexanizmində kodlaşdırmaya malik olmayan uzun RNT molekullarının rolunun mümkünlüyü üzə çıxarılıb.

“Acinetobacter baumannii bakteriyasının çıxarma nasosu və antibiotikə davamlılıq” adlı məqalədə (“Infection and Drug Resistance” jurnalında) insanlarda ciddi infeksion xəstəlik törədən bakteriyanın antibiotiklərə qarşı davamlılıq mexanizmləri araşdırılıb, “çıxarma nasosu” mexanizminin mühüm rolu göstərilib.

“CRISPR-Cas sistemi antimikrob davamlılığa qarşı necə istifadə oluna bilər” başlıqlı məqalədə (“Infection and Drug Resistance” jurnalında) klasterli müntəzəm aralıqlı qısa palindramik (residiv) təkrarlanmalar sisteminin patogen mikrobların antibiotiklərə davamlılığına qarşı istifadə yolları araşdırılıb.

“AdeB çıxarma nasosu geninin mRNT bağlıqlı peptidli nuklein turşusu vasitəsilə tormozlanmasının Acinetobacter baumannii bakteriyasının çoxlu dərmanlara davamlılığında istifadəsi” adlı məqalədə (“Microbial Pathogenesis” jurnalında) eksperimental olaraq “çıxarma nasosu” mexanizminin fəaliyyətinin gen (molekul) səviyyəsində peptidli nuklein turşusu vasitəsilə tormozlanmasının mümkünlüyü göstərilib.

“Ağız boşluğu spiroxetləri: parodontoz xəstəliklərində patogenliyin mexanizmləri” adlı məqalədə (“Microbial Pathogenesis” jurnalında) ağız xəstəliyi törədən Spiroxet cinsli bakteriyaların patogenlik mexanizmləri analiz edilib və bu mexanizmlərin fəaliyyətinin molekulyar səviyyədə tormozlanması istiqamətində tədqiqatlar aparılmasının vacibliyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.