ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlərin həmmüəllifi olduqları məqalə yüksək impakt faktorlu jurnalda dərc edilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycanlı kimyaçı və fiziklərin həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu jurnalda dərc olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, həmin institutun laboratoriya müdirləri, professorlar İmadəddin Əmiraslanov və Nadir Abdullayev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Ziya Əliyevin xarici həmkarları ilə birlikdə hazırladıqları növbəti məqalə impakt faktoru 6.266 olan jurnalda dərc edilib.
“npj Quantum Materials” jurnalında yer alan məqalə beynəlxalq müştərək tədqiqatların nəticəsi olaraq hazırlanıb. Bu jurnalda kvant materialları sahəsində mühüm nəticələri özündə əks etdirən yüksək keyfiyyətli məqalələr dərc olunur. Jurnal məşhur “Springer Nature” nəşriyyatında çap olunur və “Clarivate Analytics” bazasında impakt faktoru 6.266-dır.