SİYASƏT


Azərbaycanlı deputat AŞPA-da IX Qlobal Bakı Forumunun beynəlxalq sülhə və təhlükəsizliyə töhfələrindən danışıb

Strasburq, 24 iyun, AZƏRTAC

İnkişaf etməkdə olan texnologiyalar, xüsusilə də Süni İntellekt (AI) bəzi aspektlərdə faydalı olsa da, həm də ifadə azadlığı və media azadlığı kimi insan hüquqları üçün ciddi təhlükəyə çevrilmək potensialına malikdirlər.

Azərbaycan inkişaf etməkdə olan texnologiyalara çox yüksək qiymət verir. Bu, heç bir halda plüralizm və məlumat azadlığını məhdudlaşdırmır. Çünki Azərbaycanda yeni qəbul olunan “Media haqqında” Qanun müasir tələblərə cavab verir. Ölkənin plüralist informasiya mühitinin gücləndirilməsinə şərait yaradır. Qanun ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılmasına zəmin yaradır.

Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Könül Nurullayeva qurumun yay sessiyası çərçivəsində “Onlayn kommunikasiyaya nəzarət: media plüralizmi, məlumat azadlığı və insan ləyaqətinə təhlükə” adlı məruzənin müzakirələrinə yazılı təqdim etdiyi çıxışında bildirib.

Vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda Süni İntellekt texnologiyasından istifadə üzrə liderdir. Hökumət bu yaxınlarda iqtisadi rifah üçün süni intellekt tədqiqatını və tətbiqini sürətləndirmək məqsədilə Milli Planın yaradılması üzərində işlərə başlayıb.

“Şəffaflıq istənilən ictimai nəzarət üçün əsas tələbdir və fərdlər onların həyatına təsir edən qərarların necə qəbul edildiyindən, məlumatların hansı məqsədlər üçün istifadə edildiyindən xəbərdar olmalıdırlar. Bu məqsədlərə nail olmaq üçün süni intellektin cəmiyyətə təsiri ilə bağlı müstəqil araşdırmalar dəstəklənməlidir. Hökumətlər süni intellektin tətbiqi ilə bağlı şəffaf olmalı və ondan istifadə məqsədlərinin açıqlanması məcburi olmalıdır. Özəl şirkətlər də süni intellekt texnologiyasından istifadəyə görə məsuliyyət daşımalıdırlar. Süni intellektdən faydalananlar onun tətbiqinin hər hansı mənfi nəticələrinə görə məsuliyyət daşımalıdırlar və buna nail olmaq üçün ciddi hökumət qaydalarının yaradılması vacib amillərdəndir”, - deyə K.Nurullayeva süni intellektdən istifadə ilə bağlı məsuliyyətləri qeyd edib.

Azərbaycanlı deputat bildirib ki, süni intellekt sadəcə texnologiya deyil, gələcəkdir. Ona görə də biz daha yaxşı gələcək yaratmaq üçün bu texnologiyanın insan hüquqlarının pozulmasına mənfi təsirləri dərk edilməli və belə halların qarşısı alınmalıdır.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.