MƏDƏNİYYƏT
Azərbaycanlı fotoqraflar dünya çempionatında iştirak ediblər
Bakı, 7 dekabr, AZƏRTAC
Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə 13-cü FIAP Klublarının dünya çempionatı keçirilib.
FIAP-ın himayədarlığı altında Şimali İrlandiyada keçirilən klublararası beynəlxalq fotomüsabiqənin nəticələri məlum olub.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə dünyanın 37 ölkəsindən 3 min 760 foto təqdim edilib. Qaydalara görə, hər bir klub ən azı 10 fotoqrafla 20-dək foto təqdim edə bilər. Azərbaycanı ilk dəfə bu yarışmada 17 fotoqrafla “Gilavar” Azərbaycan Foto Klubu təmsil edib. Yekunda Azərbaycan təmsilçiləri 322 bal toplayaraq 188 fotoklub arasında 82-ci yerdə qərarlaşıb. İlk onluqda isə Rusiya, Bolqarıstan, Böyük Britaniya, Çin və Macarıstandan olan fotoklublar yer alıblar.
“Gilavar” Azərbaycan Foto Klubunun üzvləri mütəmadi olaraq FIAP himayədarlığı altında keçirilən fərdi fotomüsabiqələrdə iştirak edərək mükafatlar qazanırlar. Təkcə 2018-ci il ərzində klubun fotoqrafları Azərbaycanın adına 40-dan artıq beynəlxalq mükafat qazandırıblar.
Qeyd edək ki, Beynəlxalq Foto Sənəti Federasiyası dünyada UNESCO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır.