REGİONLAR
Azərbaycanlı tarixçi arxeoloqun Avropa İrs Mükafatına namizədliyi qeydə alınıb
Ağsu, 2 iyun, AZƏRTAC
"Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin Avropa Arxeoloqları Assosiasiyasının elan etdiyi Avropa İrs Mükafatına namizədliyi qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, F.Xəlillinin namizədliyi "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə heyətinin üzvü, tarix elmləri doktoru, professor Qafar Cəbiyev tərəfindən irəli sürülüb.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Azərbaycanda arxeoloji irsin öyrənilməsi, qorunması, təbliği və idarə edilməsi istiqamətində təşəbbüsləri ilə tanınır. 2010-cu ilin mart ayından etibarən onun təşəbbüsü ilə “Orta əsr Ağsu şəhəri” Arxeoloji Turizm Kompleksi layihəsi həyata keçirilib. Məqsəd Azərbaycanda arxeoloji turizmi inkişaf etdirmək, yeni bərpa və konservasiya layihələri həyata keçirmək, arxeoloji irsi sərgi və festivallar yolu ilə tanıtmaqdır. Qeyd edək ki, 2019-cu ilin oktyabr ayının 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Orta əsr Ağsu şəhəri” Arxeoloji Turizm Kompleksinin bazasında “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılıb.
Bir sıra arxeoloji tədqiqatların da təşəbbüskarı olan F.Xəlilli Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanın arxeoloji irsini araşdıran "Ümumi mədəni irs şəhərləri" beynəlxalq arxeoloji turizm layihəsində ekspert qismində iştirak edib. Hazırda Azərbaycanda sufilərin və tərəkəmələrin arxeoloji irsinin öyrənilməsi ilə məşğuldur. O, Azərbaycanda mədəni irsin və arxeolgiyanın öyrənilməsi, mühafizəsi və təbliği istiqamətində 15 kitab və 100-dən çox elmi məqalənin müəllifidir.