İQTİSADİYYAT


“Azərenerji” SES-lərdə yeni sistem yaradır

Tezliyin tənzimlənməsi avtomatik olacaq

Bakı, 21 noyabr, AZƏRTAC

“Azərenerji” ASC istilik elektrik stansiyaları (İES) ilə yanaşı, “Mingəçevir” su elektrik stansiyasında (SES) da təmir-bərpa işləri həyata keçirir.

ASC-dən AZƏRTAC-a bildirilib ki, 6 hidroaqreqatdan ibarət “Mingəçevir” SES-də təmir-bərpa işləri aparılaraq dayanıqlılıq, etibarlılıq və təhlükəsizlik artırılacaq. Ən əsası isə tezliyin avtomatik tənzimlənməsi istiqamətində böyük layihə reallaşacaq.

Qeyd edək ki, ötən ilin yayında baş verən qəza və nəticədə enerji sisteminin çökməsinin bir daha təkrarlanmaması üçün əks-qəza avtomatikasının, rele mühafizəsinin yenilənməsi ilə yanaşı, tənzimatın avtomatik aparılması üçün bir çox ölkələrin və şirkətlərin müasir texnologiyasına əsaslanaraq alınan avadanlıqlar işə qoşulur. 1, 3 və 6 saylı hidroaqreqatlarda bu işlər artıq başa çatdırılıb, tənzimləmə, idarəetmə sistemləri dəyişdirilib, təsirlənmə və yeni generatorun mühafizə qurğuları işə qoşulub. 2, 4 və 5 saylı qurğularda bu işlər davam etdirilir.

“Mingəçevir” SES-də olduğu kimi “Şəmkir” və “Yenikənd” su elektrik stansiyalarında da eyni qurğular quraşdırılacaq. Bununla yanaşı, hazırda “Şəmkir” SES-in 37 il əvvəl istifadəyə verilən və istismar müddətini bitirdiyindən təhlükəli vəziyyətdə olan sutullayıcı qurğusunda bərpa işləri aparılır. Qeyd edək ki, 160 metr uzunluqda olan 3 bloklu yeraltı su tunelinin döşəməsində, tavanında, orta aşırımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəlib, beton qatları qırılıb. Qurğuda su sızmasının qarşısını almaq, uçmaq təhlükəsini aradan qaldırmaq üçün yerli və xaricdən dəvət edilən mütəxəssislərin iştirakı ilə layihə hazırlanıb və təmirə başlanılıb.

“Şəmkir” SES-də təmir-bərpa işləri təkcə sutullayıcı qurğu ilə yekunlaşmayacaq və digər işlər də aparılacaq. Eyni zamanda, planlaşdırılan işlər çərçivəsində SES-in açıq paylayıcı qurğusunun, hidroaqreqat generatorlarının təsirlənmə sistemlərinin, idarəetmə mərkəzinin, SKADA dispetçer idarəetmə sisteminin, tezliyin və aktiv gücün avtomatik tənzimlənməsi sisteminin yenidən qurulması nəzərdə tutulub. Qeyd edək ki, su elektrik stansiyalarında işlərin fasiləsiz olaraq aparılması, 2020-ci ildə başa çatdırılması planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.