İQTİSADİYYAT
“Azərenerji” bütün obyektlərini dezinfeksiya etdirir
Bakı, 12 mart, AZƏRTAC
“Azərenerji” ASC koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, cəmiyyətin bütün elektrik stansiyaları, yarımstansiyaları, regional elektrik şəbəkələrində və digər obyektlərində insanların işlədiyi bütün binalar, o cümlədən yardımçı tikililərdə koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə zəruri tədbirlər görülür, dezinfeksiya işləri aparılır. İş otaqlarında, zallarda, idarəetmə mərkəzlərində və digər otaqlarda, dəhlizlərdə, pilləkənlərdə, foyelərdə xüsusi dərmanlanma işləri həyata keçirilir.
Bundan əlavə, koronavirusla bağlı təbliğat-təşviqat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə də tədbirlər görülür. Əməkdaşlar tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında məlumatlandırma işi aparılır.