İQTİSADİYYAT
“Azəriqaz” şəffaflığın və əlçatanlığın təmin olunması məqsədilə bir sıra aksiyalar həyata keçirir
Bakı, 11 may, AZƏRTAC
“Azəriqaz” İB şəffaflığın və əlçatanlığın təmin olunması məqsədilə bir sıra aksiyalar həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bunu İB-nin baş direktoru Ruslan Əliyev bildirib.
“Açıq mikrofon” aksiyası çərçivəsində həftədə iki dəfə regionlarda sadə vətəndaşlarla, eləcə də sahibkarlarla görüşərək onların problem və təkliflərini yerindəcə dinləyirik. Hər həftənin cümə günü bütün media və QHT nümayəndələrinin, fəal sosial şəbəkə istifadəçilərinin üzünə açıq olan “Açıq qapı” aksiyası da bu məqsədə xidmət edir. Birliyin bütün rəhbər şəxslərinin “Başdan ayağa” layihəsində iştirakı da abonentlər tərəfindən təqdir olunur. Bunu ən müxtəlif səviyyələrdə verdiyiniz reaksiyalar da təsdiq edir. Bütün bunlardan həvəslənərək qısa bir vaxtda növbəti aksiyamızı da reallaşdırmaq niyyətindəyik. Məqsəd əməkdaşlarımızın abonentlərlə rəftarını, davranışını təftiş etmək olacaq. Müasir texnologiyanın imkanlarından istifadə edərək, çilingərlərimizin xəbərsiz olduğu ünvanlara quraşdırılacaq kameralar bu imkanı sizə və Birlik olaraq bizə yaradacaq”, - deyə birliyin direktoru qeyd edib.
R.Əliyev qeyd edib ki, abonentlərlə normal rəftar etməyən, işində nöqsanlara yol verən əməkdaşlar daha geniş mənada müzakirə mövzusu olacaq. Vətəndaşlar bu müzakirələrdə və təftişlərdə fəal olmağa çağırılır.