İQTİSADİYYAT
“Azərsu” yanında İctimai Şuranın üzvləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfər ediblər
Bakı, 5 noyabr, AZƏRTAC
“Azərsu” ASC yanında İctimai Şuranın üzvləri Azərbaycanın içməli su sektorunda ən müasir qurğusu sayılan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfər ediblər.
ASC-dən AZƏRTAC-a bildirilib ki, komplekslə tanışlıq çərçivəsində qonaqlara kompleksin tikintisi və burada suyun emal prosesləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 2011-ci ildə təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş kompleks 2015-ci ildə dövlətimizin başçısının iştirakı ilə istismara verilib. Məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan kompleksdə suyun emalı 5280 ədəd membran tipli süzgəclərdə aparılır. Su heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə, mexaniki üsulla təmizlənir. Burada emal olunan su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir. Bildirilib ki, bu kompleks Bakı şəhəri və Abşeron yarımadasının böyük hissəsi, ümumilikdə 1 milyondan çox sakini yüksək keyfiyyətli içməli su ilə təmin edir.
Komplekslə tanışlıq çərçivəsində qonaqlar mərkəzi idarəetmə sistemi - SCADA otağında idarəetmə proseslərini izləyiblər. Daha sonra şura üzvləri kompleksin laboratoriyası ilə tanış olublar.
İctimai Şuranın üzvləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanışlığın onlarda böyük təəssürat yaratdığını vurğulayıb, burada yaradılmış infrastrukturun imkanlarını yüksək qiymətləndiriblər.