İQTİSADİYYAT
“Azneft”: Yeraltı qaz anbarlarının tutumu ilkin mərhələdə 3,5 milyard kubmetrə çatdırılacaq
Bakı, 25 may, AZƏRTAC
Daxili imkanlar hesabına “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarlarının tutumunun 3,5 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
AZƏRTAC “Azneft” İstehsalat Birliyinə istinadla xəbər verir ki, bu barədə qaz anbarlarının həcminin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə tanış olmaq məqsədilə birliyin rəhbərliyinin iştirakı ilə Qaz Anbarlarının İstismarı İdarəsinin “Qalmaz” yeraltı qaz anbarı sahəsində keçirilən texniki müşavirədə deyilib.
Mövcud yeraltı qaz anbarlarının aktiv qaz həcminin genişləndirilməsi məqsədilə “Azneft” İstehsalat Birliyi tərəfindən bir sıra layihələrin reallaşdırıldığını deyən birliyin baş direktoru Daşqın İskəndərov, “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarlarının tutumunun artırılaraq 5 milyard kubmetrə çatdırılması qarşıya mühüm bir vəzifə kimi qoyulduğunu vurğulayıb. O bildirib ki, bu proses iki mərhələli formada həyata keçiriləcək. İlk öncə daxili imkanlar hesabına qaz anbarlarının həcminin 3,5 milyard kubmetrə çatdırılması planlaşdırılır.
D.İskəndərov strateji obyektlərdən sayılan və ölkəmizin enerji təminatında mühüm rol oynayan yeraltı qaz anbarlarının yenidən qurulması, genişləndirilməsi, qabaqcıl texnologiyaların tətbiqi və qaz anbarının effektivliyinin yüksəldilməsi istiqamətində son illər ərzində böyük işlərin görüldüyünü və bu işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.