BƏƏ-dəki “Azərbaycan” Cəmiyyəti Azərbaycanın turizm potensialının Dubayda təbliğ olunmasına dair razılıq əldə etmişdir
AzerTAg.az
Bakı, 30 sentyabr (AZƏRTAC). BƏƏ-də faliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Dünya Turizm Günü münasibətilə Dubayın Turizm və Ticarət Marketinqi Nazirliyinin rəhbərliyinin dəvəti ilə sentyabrın 29-da nazirin təftiş və turist lisenziyalarının verilməsi məsələləri və otellərə nəzarət işləri üzrə müavinləri Nəbi Abdullah Əhməd və Bədr Abdullah Məhəmməd ilə görüşmüşdür.
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə S.İmanov bu günlərdə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünün dövlət səviyyəsində və dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız tərəfindən qeyd olunması və onun tarixi barədə ətraflı məlumat vermişdir.
Cari ilin Azərbaycanda “Turizm ili” elan olunduğunu qeyd edən S.İmanov vurğulamışdır ki, Azərbaycan hökuməti turizmin inkişaf etdirilməsini prioritet sahələrdən biri kimi müəyyən etmişdir. O, 2011-ci ilin sonunadək Azərbaycana gələcək turistlərin sayının 2 milyonu keçəcəyi barədə gözləntilərin olduğunu da qeyd etmişdir. Azərbaycanın bölgələrində tikilən yeni turist-istirahət mərkəzləri, o cümlədən Qusarda inşa olunan Şahdağ qış-yay turizm kompleksinə dair ətraflı məlumat verən S.İmanov görüş zamanı Azərbaycanın turizm sahəsində artan imkanlarının Dubayda və digər əmirliklərdə təbliğ olunması məsələsini razılaşdırmışdır.
Sonra “Azərbaycan” Cəmiyyətinin sədri Dubayın Turizm və Ticarət Marketinqi Nazirliyinin rəhbərliyinə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan Azərbaycanın turizm potensialını əks etdirən çoxlu kitabça, bülleten, Azərbaycanın qədim və zəngin mədəniyyəti və incəsənətinə dair “Azərbaycanın maddi və mədəni irsi” kitabını, Azərbaycan rəssamlarının əsərlərindən ibarət toplunu, “Azərbaycan xalçaları”, “Erməni terroru”, eləcə də ümummilli lider Heydər Əliyev haqqında ingilis və ərəb dillərində nəşrləri, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqətləri” kitabını təqdim etmişdir.
Dubayın Turizm və Ticarət Marketinqi Nazirliyinin rəhbərliyi görüşdən məmnun qaldığını qeyd etmiş, Azərbaycanın turizm potensialını yüksək səviyyədə və müxtəlif vasitələrlə Dubayda təbliğ etməkdə davam edəcəklərini bildirmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var