QAN YADDAŞI
BƏƏ-nin “Gulf News” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub
Dubay, 27 fevral, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu kütləsinə malik ingilis dilli qəzetlərindən olan “Gulf News” qəzetində “Azərbaycan icması Xocalı soyqırımını anır” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki baş konsulluğunun Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirdiyi bildirilir, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda yerləşən Xocalı qəsəbəsində soyqırımı törədildiyi qeyd olunur.
Məqalədə Xocalı soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i yaşlı olmaqla 613 dinc sakinin vəhşicəsinə qətlə yetirildiyi, 1275 nəfərin ağır yaralandığı diqqətə çatdırılır. Bildirilir ki, 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” kampaniyasının məqsədi soyqırımı, onun səbəb və nəticələri ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır.
Yazıda qeyd olunur ki, dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Məqalədə, həmçinin ölkəmiz barədə ümumi məlumat verilir, BƏƏ-Azərbaycan münasibətlərinə toxunulur, BƏƏ-də yaşayan Azərbaycan icmasından bəhs edilir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay