İQTİSADİYYAT
“BABƏK” TANKERİ DEKABRIN 4-DƏ BAKI BUXTASINDA TƏNTƏNƏLİ SURƏTDƏ İSTİSMARA VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Rusiyanın Nijni Novqorod şəhərindəki “Krasnoye Sormovo” gəmiqayırma zavodunda inşa edilmiş “Babək” tankeri dekabrın 4-də Bakı buxtasında təntənəli surətdə istismara qəbul edilmişdir. Son vaxtlar belə tədbirlər keçirməyə adət edən gəmiçilərimiz daha bir sevincli gün yaşadılar.
Mərasimdə Baş nazir Artur Rasizadə və digər rəsmi şəxslər iştirak etdilər. Tankerin kapitanı Elxan Hacıyev gəminin istismara hazır olması ilə bağlı hökumətimizin başçısına məruzə etdi. Kapitan dedi ki, yeni gəmilərin alınması gəmiçilərimizin məsuliyyətini daha da artırır. O, əminliklə bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə bərpa olunan qədim İpək yolunun və digər beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçən hissəsində daşınmaların həcminin artırılmasına imkan verəcək bu tankerin şəxsi heyəti yüklərin mənzil başına vaxtında və təhlükəsiz çatdırılmasına nail olmaq üçün bütün səylərini səfərbər edəcəkdir.
Mərasim iştirakçıları gəminin göyərtəsinə qalxdılar. Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov Baş naziri tankerlə tanış etdi. Şəxsi heyətin iş yerlərində hər cür şərait yaradılmış, kayutalarda televizor, soyuducu və digər zəruri avadanlıq quraşdırılmışdır. Gəmi barədə hökumətimizin başçısına məlumat verildi. Ən müasir mexanizm və avadanlıqla təchiz olunmuş “Babək” texniki göstəricilərinə görə bundan əvvəl istismara verilmiş Xəzərdəki ən nəhəng “Prezident Heydər Əliyev” tankerinin oxşarı da sayıla bilər. Uzunluğu 149, 9 metr, eni 17,3 metr, su tutumu isə 7,14 metr olan tankerin yükgötürmə qabiliyyəti 13 min tondur. Bu tanker də Qazaxıstan neftini TRASEKA proqramına əsasən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql etmək üçün Bakı limanlarına daşıyacaqdır.
Ümumi tanışlıqdan sonra Baş nazir Artur Rasizadə tankerin istismara verilməsini bildirən səs siqnalının düyməsini basdı. Şəxsi heyətə uğurlu səfərlər diləyən hökumətimizin başçısı son illər gəmiçiliyin texniki bazasının genişləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirdi. Gəmiçiliyin Azərbaycanın nəqliyyat bölməsinin mühüm sahəsi olduğunu diqqətə çatdıran natiq əminliklə dedi ki, istismara verilən yeni tankerlər daşınan neft və neft məhsullarının həcmini sürətlə artıracaqdır.
Sonda Baş nazir Artur Rasizadə mərasimdə iştirak edən jurnalistlərin suallarını cavablandırdı.