İQTİSADİYYAT
BAKIDA BMT-NİN MƏRKƏZİ ASİYA İQTİSADİYYATI ÜÇÜN XÜSUSİ PROQRAMININ İQTİSADİ FORUMU KEÇİRİLMİŞDİR
BMT-nin Avropa İqtisadi Komissiyasının, Asiya və Sakit okean Ölkələri üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri iqtisadi inkişaf naziri Heydər Babayev açaraq, forumun Bakıda keçirilməsini ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun təzahürü kimi qiymətləndirmişdir. O, forumda müzakirə olunacaq məsələlər barədə məlumat vermişdir.
Avropa İqtisadi Komissiyasının icraçı katibi Marek Belka, UNESCAP-ın icraçı katibi Ravi Çoney, Əfqanıstan, Qzaxıstan, Qırğızıstan və Tacikistanın təmsilçiləri Qulam Sakhi Xairat, Bolat Akçulakov, Atılbek Minbayev, Sadık Kisainov tədbirdə çıxış etmişlər.
Açılış mərasimindən sonra forum öz işini sessiyalarda davam etdirmişdir.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin bölmə müdiri, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun “Azərbaycan: iqtisadi inkişaf və perspektivlər” məruzəsi maraqla dinlənilmişdir. Məruzədə Azərbaycan iqtisadiyyatında baş verən proseslər (ümumi daxili məhsulun, sərmayələrin, ölkənin valyuta ehtiyatlarının, xarici ticarət dövriyyəsinin artması, inflyasiyanın idarəolunması, xarici borcun beynəlxalq tələblərə uyğunluğu və s.) təhlil edilmiş, uğurları təmin edən amillər sadalanmış, neft gəlirlərinin istifadəsi prinsipləri, əsas istiqamətləri (qeyri-neft sektorunun, kiçik və orta sahibkarlığın, regionların, infrastrukturun, “insan kapitalı”nın inkişaf etdirilməsi, yoxsulluğun azaldılması, digər sosial problemlərin həlli, iqtisadiyyatın texnoloji bazasının dəstəklənməsi, dövlətin müdafiə qabiliyyətinin yüksəldilməsi, erməni işğalından azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin doğma ocaqlarına qaytarılması) xatırladılmışdır.
Ə.Muradov Azərbaycan iqtisadiyyatının gələcəyini təsvir edərək, iqtisadi şəraitin xüsusiyyətləri, iqtisadi siyasətin əsas istiqamətləri, ümumi daxili məhsulun uzunmüddətli artım dinamikası, bu dinamikadan adambaşına düşən gəlir barədə söz açmışdır.
SPECA regionu ölkələri nümayəndələrinin çıxışlarında bu qurum çərçivəsində zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə, neft və qaz sahələrində nəinki regionda, eləcə də Avropa, Çin və digər Şimali Asiya dövlətləri ilə ticarət əlaqələrinin yaradılmasının mümkünlüyü vurğulanmışdır. Natiqlər SPECA-nın əhatə etdiyi regionun dünya iqtisadiyyatında 2000-2005-ci illər ərzində ən sürətli inkişafa malik region olduğu qeyd edilmişdir. Çıxışlarda, həmçinin ölkələrin qlobal və regional iqtisadiyyata qoşulması, iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələsi də müzakirə edilmişdir.
“Enerji dividendlərinin enerji infrastrukturuna investisiyası”, “Regional inteqrasiya-ticarət və inkişaf”, “Bəyanatlardan fəaliyyətə keçid” mövzularına həsr olunmuş sessiyalarda bölgənin strateji imkanlarından səmərəli istifadə olunmasının, biznes birlikləri ilə əlaqələrin qurulmasının, uzunmüddətli iqtisadi inkişaf və sərmayə strategiyasının işlənib hazırlanmasının vacibliyindən danışılmış, enerji sektorunun gəlirlərindən səmərəli istifadə olunmaqla infrastrukturun gücləndirilməsi, qeyri-enerji məhsulları ixrac edən ölkələrin rəqabət imkanlarının artırılması barədə təkliflər səslənmişdir. SPECA ölkələrinin iqtisadi inkişafının müxtəlif səviyyələrdə olmasının uzunmüddətli əməkdaşlığa əngəl törətdiyi vurğulanmış, bu vəziyyətin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən BMT-nin regional komissiyalarının və BMT İnkişaf Proqramının regiondaxili əməkdaşlığın inkişaf etdirilməsində mühüm rol oynadığı qeyd edilmişdir.
Forumda tematik diskussiya aparılmış, “SPECA regionu üçün gender bərabərliyi və artım perspektivləri” mövzusunda dəyirmi masa keçirilmişdir.
İqtisadi inkişaf naziri Heydər Babayev, UNESCAP-ın icraçı katibi Kim Hak Su, Avropa İqtisadi Komissiyasının icraçı katibi Marek Belka KİV nümayəndələri üçün mətbuat konfransı keçirmiş, jurnalistləri maraqlandıran suallara cavab vermişlər.