İDMAN
BAKIDA BOKS ÜZRƏ III DÜNYA KUBOKU UĞRUNDA YARIŞ BAŞLANMIŞDIR
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti professor, doktor Ənvər Çoudri açılış mərasimində çıxış edərək ölkəmizdə bu idman növünün sürətlə inkişafından məmnunluğunu ifadə etmiş, idmana göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarılığını bildirmişdir.
İştirakçıları salamlayan gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev paytaxtımızda son zamanlar belə mötəbər yarışların keçirilməsinin əhəmiyyətini vurğulayaraq bu cür tədbirlərin artıq adət halını aldığını diqqətə çatdırmışlar. İdmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlardan danışan nazir, ölkəmizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Azərbaycan idmanının inkişafına göstərdiyi diqqət və qayğını xüsusilə nəzərə çatdırmışdır.
Sonra incəsənət ustaları çıxış etmişlər. Dövlət himni səsləndirildikdən sonra yarış açıq elan olunmuşdur.
Turnirin reqlamentinə əsasən, yarışda 8 komanda dairəvi sistemlə iki qrupda mübarizə aparır. Öz qrupunda birinci yeri tutan komanda qalib adı uğrunda finalda yarışacaqdır. Qruplarda ikinci yerə çıxan yığmalar isə bürünc medala layiq görüləcəklər.
Azərbaycan millisi Kuba, ABŞ və Qazaxıstan boksçuları ilə bir qrupa düşmüşdür. Dirər qrupda isə Rusiya, Ukrayna, Çin və Afrika yığma komandaları mübarizə aparırlar.
Turnirin ilk günü Kuba və Qazaxıstan boksçuları qarşılaşmışlar. Görüş Kuba boksçularının qələbəsi ilə başa çatmışdır - 9:2. Digər qrupda isə Ukrayna idmançıları Afrika yığmasını 10:1 hesabı ilə məğlubiyyətə uğratmışlar.
Turnirə oktaybrın 16-da qoşulacaq Azərbaycan yığmasının ilk rəqibi ABŞ millisi olacaqdır.