BAKIDA YOL HƏRƏKƏTİNİN TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI BEYNƏLXALQ HƏFTƏLİK KEÇİRİLİR
Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 5-dən 11-dək Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası Nəqliyyat Komitəsinin təşəbbüsü ilə Avropa dövlətləri ərazisində “Yolda qarşılıqlı güzəşt təhlükəsizliyin təminatıdır” devizi altında yol hərəkətinin təhlükəsizliyi üzrə 4-cü Beynəlxalq həftəlik keçirilir. Həftəliyin Azərbaycan ərazisində keçirilməsi məqsədi ilə Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi komissiyası tədbirlər planı hazırlamış, icra olunması üçün aidiyyatı orqanlara göndərmişdir. Həmişə olduğu kimi, həftə ərzində də vətəndaşlar yollarda nümunəvi davranışa dəvət olunacaq, onlara yol hərəkəti qaydalarını pozmamaq və öz həyatlarını təhlükə qarşısında qoymamaq tövsiyə ediləcəkdir.