BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
AzerTAg.az
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, avqustun 9-da USD/AZM-in orta hesablanmış birja məzənnəsi bir ABŞ dolları üçün 4915 manat olmuşdur.
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, 2 bankın iştirakı ilə bağlanmış əqdlərin həcmi 305 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi bir dollar üçün 4914 manata bərabər idi. 205 min dollar həcmində təklifin müqabilində ilkin tələbat 305 min ABŞ dolları təşkil etmiş, sonra isə sessiyanın bağlanış məzənnəsi 1dollar üçün 4915 manata qalxmışdır.
Birja elektron hərracları sistemində (BEST) ABŞ valyutasının bank sifarişlərində göstərilən qiyməti 1 dollar üçün 4913,41 manat həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST–də 10,215 milyon ABŞ dollarına bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 50,191 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 851 min dollar düşmüşdür. Tələbat olmadığından dilerlər T+1, T+2 alətləri üzrə əqd bağlamamışlar. Banklar EUR/AZM, RUR/AZM üzrə BEST-ə sifarişlər verməmişlər.
Milli Bank BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,1 milyard manat həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişdir. Avqustun 9-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
Xəbərin mətnində orfoqrafik səhv var