İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 790 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4925 manata bərabər idi. Təklif 711 min dollar və tələb 790 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd düşmüş və 1 dollar üçün 4926 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4926 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 1 milyon 976 min ABŞ dollarına bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 9,734 milyarddır. Bir əqdə, orta hesabla, 179 636 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RURAZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 8,925 milyard manat məbləğində kredit
cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər. Martın 25-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.