İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 490 min ABŞ dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4912 manata bərabər olmuşdur. 490 min dollar təklif və 440 min dollar tələb şəraitində manatın məzənnəsi bir bənd aşağı düşərək, 1 ABŞ dolları üçün 4911 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4911 manat həddində olmuşdur. BEST-də USDAZM T+0 aləti üzrə 2 milyon 313 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 11,359 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 257,000 min dollar düşmüşdür. Tələb olmadığından dilerlər USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar. Banklar EUAZM və RURAZM TOM alətləri üzrə BEST-ə sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında, ümumən, illik 10 faizlə 1,100 milyard manat və 8 faizlə 200 min ABŞ dolları məbləğində kreditlər yerləşdirmək üçün sifarişlər vermişlər. Oktyabrın 17-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.