ELM VƏ TƏHSİL
BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “İVRİT DİLİ KABİNETİ”NİN AÇILIŞI OLMUŞDUR
Universitetin rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov açılış mərasimində xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin təhsilimizin inkişafına, onun dünya təhsil sisteminə inteqrasiya olunmasına daim böyük önəm verdiyini, ulu öndərimizin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışdır.
Müasir qloballaşma şəraitində xarici dillərin öyrənilməsinin vacibliyindən danışan rektor, rəhbərlik etdiyi ali məktəbdə türk, ərəb, fars, ivrit, Çin, yapon və s. dillər üzrə mütəxəssislər hazırlandığını diqqətə çatdırmışdır.
O, yeni kabinetin ivrit dilinin öyrənilməsində mühüm rol oynayacağını söyləmiş, onun yaradılmasında xidməti olanlara təşəkkürünü bildirmişdir.
İsrailin Azərbaycandakı səfiri Artur Lenkin ölkələrimiz arasındakı təhsil əlaqələrindən, bu əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs etmiş, tələbələrə təhsildə uğurlar arzulamışdır.
Sonra tədbir iştirakçıları müasir texniki avadanlıq və dərs vəsaiti ilə təmin edilmiş yeni kabinetlə tanış olmuşlar.