SİYASƏT
BAKI SLAVYAN UNİVERSİTETİNDƏ XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Bakı Slavyan Universitetində Xocalı soyqırımının 11-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Universitetdən AZƏRTAC–a bildirmişlər ki, mərasim iştirakçıları Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra rektor Kamal Abdullayev cıxış edərək demişdir ki, XX əsr bir çox qanlı hadisələrin, soyqırım və etnik təmizləmələrin şahidi olmuşdur. Xocalı faciəsi həmin faciələrin ən dəhşətlisidir. Xocalı sakinlərinin vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqına qarşı törədilmiş ən qəddar cinayət hadisəsidir.
Pedaqoji fakültənin dekanı Eldar Piriyev, dosent İzzət Piriyev, tərcümə şöbəsinin müdiri Kamal Hacıyev və başqaları çıxış edərək demişlər ki, Xatın, Naqasaki və Xirosima kimi yerlə yeksan olunmuş şəhər və kəndlərin sırasına Xocalı da qoşuldu. Xocalı sakinləri isə misli görünməmiş bir vəhşiliyin qurbanı olmuşlar. Bu faciə beynəlxalq miqyasda soyqırım kimi tanınmalıdır.