İQTİSADİYYAT
BALAKƏNDƏ RABİTƏ SİSTEMİ TAM MÜASİRLƏŞDİRİLMİŞDİR
Rabitə Nazirliyinin Balakən və Zaqatala rayonlarında rabitənin keyfiyyətinin yaxşılaşdırılması haqqında xüsusi tədbirlər planına uyğun olaraq rayonda mövcud ATS-lərin elektronlaşdırılması əsasən başa çatdırılmışdır. Bu il Balakən şəhərindəki elektron tipli ATS-in tutumu 512 nömrə genişləndirilmiş və şəhərin yaxınlığında yerləşən Tülü kəndinin abunəçiləri həmin ATS-ə qoşulmuşdur. Bu məqsədlə 164,5 milyon manat vəsait xərclənmişdir.
Cari ildə rayonun Katex və Hənifə kəndlərində, Qabaqçöl qəsəbəsində hər birinin dəyəri 187,2 milyon manat olan 512 nömrə tutumlu, Qaravəli və Kortala kəndlərində isə hər birinin dəyəri 66,3 milyon manat olan 128 nömrə tutumlu yeni elektron tipli ATS-lər istifadəyə verilmişdir.
Rayon ərazisində olan hava rabitə xətlərində əsaslı təmir işləri davam etdirilir. Şəhər ərazisində 2400 metr, Katex kəndi ərazisində isə 3500 metr uzunluğunda hava rabitə xətləri ləğv edilərək, yeni yeraltı kabel-kanalizasiya xətləri ilə əvəz olunmuşdur.
Görülmüş tədbirlər nəticəsində 2003-cü ilin ötən dövrü ərzində qovşaq üzrə tarif gəliri planı, dövlət büdcəsinə və Sosial Müdafiə Fonduna ödənişlər artıqlaması ilə yerinə yetirilmişdir.