DÜNYA


BƏMDƏ AXTARIŞ-XİLASETMƏ İŞLƏRİ SONA YETİR

AZƏRTAC-ın Tehrandan aldığı xəbərdə bildirilir ki, zəlzələnin, demək olar, tamamilə yerlə yeksan etdiyi Bəm şəhərində beynəlxalq axtarış-xilasetmə əməliyyatı başa çatmaqdadır. 11 ölkənin xilasetmə xidmətlərinin nümayəndələri İranı tərk etməyə hazırlaşırlar. Təbii fəlakət zonasında 28 ölkədən gəlmiş min nəfərdən çox xilasedici işləmişdir.

Bununla yanaşı, xaricdən İrana yardım davam edir. ABŞ viranedici zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək üçün 84 mütəxəssis göndərmişdir. Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirmişdir ki, İrana humanitar yardım, dava-dərman və digər yüklər olan bir neçə nəqliyyat təyyarəsi də yola salınmışdır.

Misir Prezidenti Hüsni Mübarək Bəmdə zəlzələdən zərərçəkənlərə yardım göstərilməsini şəxsi nəzarətində saxlayır. O, humanitar yüklərin daşınması üçün Misirlə İran arasında “hava körpüsü” yaradılması barədə sərəncam vermişdir.

Hindistan hökuməti İrana çadır, adyal, dava-dərman, habelə bütün lazımi avadanlıqla təchiz edilən və 75 nəfər üçün nəzərdə tutulan səyyar hospital göndərməyi qərara almışdır. Hindistandan Bəndər-Abbas limanına 600 tonadək ərzaq gətirilmişdir.

Yaponiyanın iki nəqliyyat təyyarəsi yanvarın 1-də İrana bir neçə ton humanitar yük gətirəcəkdir.

Bir sıra digər ölkələr də İrana humanitar yardım göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.