ELM VƏ TƏHSİL
BƏRDƏ ŞƏHƏRİNDƏKİ AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA ORTA MƏKTƏBDƏ İLK ZƏNG
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimi rayon icra hakimiyyətinin başçısı Elman Allahverdiyev açaraq, müəllim və şagirdləri təbrik etmiş, onlara təhsildə müvəffəqiyyətlər arzulamışdır. Natiq qeyd etmişdir ki, bu yaraşıqlı məktəb binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə inşa olunmuşdur. Bütün müasir standartlara cavab verən 1000 nəfərlik orta məktəbin açılış mərasimində ölkəmizin Prezidenti İlham Əliyev iştirak etmiş, öz tövsiyələrini vermişdir.
Mərasimdə çıxış edən məktəbin direktoru Rzaqulu Şərifov və digər natiqlər xalq təhsilinə göstərdiyi diqqət və qayğıya görə ölkəmizin Prezidenti, ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Birinci sinif şagirdləri mərasim iştirakçılarını şeir parçaları ilə salamlamışlar.
Səkkiz ay ərzində inşası başa çatdırılmış yeni orta məktəbin geniş sinif otaqları, kitabxanası, laboratoriyası, kompüter otağı, idman salonu, bufet-yeməkxanası vardır. Linqafon kabineti, fənn otaqları müasir avadanlıqla və əyani vasitələrlə təchiz olunmuşdur.
Mərasim iştirakçıları akademik Zərifə Əliyevanın məktəb binasının önündə ucaldılmış abidəsi önunə gül-çiçək dəstəsi qoydular.
Məktəbin kollektivi ölkəmizin Prezidenti İlham Əliyevə müraciət qəbul etmişdir. Müraciətdə deyilir:
“Möhtərəm Prezident!
2003-cü il oktyabr ayının 7-də rayonumuzun ictimaiyyəti ilə görüşünüz zamanı Sizin Bərdə şəhərində müasir standartlara cavab verən məktəb binasının tikiləcəyi barədə verdiyiniz vədə qısa müddətdə əməl olunmuşdur.
Bu təlim-tərbiyə ocağının Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri olmuş, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıması məktəbin pedaqoji kollektivində və rayonumuzun bütün ictimaiyyətində dərin razılıq və qürur hissi doğurmuşdur. Zərifə xanım Əliyeva bilik və təcrübəsindən istifadə edərək, insanların gözünə nur bəxş etmiş, minlərlə gəncin həkim kimi yetişməsində böyük rol oynamışdır.
Möhtərəm Prezident!
Belə bir məktəbin istifadəyə verilməsi Sizin Bərdə əhalisinə diqqət və qayğınızın təzahürüdür. Dərs ilinin başlanması münasibətilə bu gün mərasimə toplaşan pedaqoji kollektivin bütün üzvləri Sizi əmin edir ki, məktəbin zəngin laboratoriyaları, fənn kabinələri, sinif otaqları, möhkəm maddi-texniki və tədris bazasının imkanlarından səmərəli istifadə edəcək, gələcəyimiz üçün intellektual səviyyəli gənclər yetişdirəcəklər. Məqsədimiz odur ki, bu təhsil ocağı akademik Zərifə xanım Əliyevanın adına layiq olsun.
Möhtərəm Prezident!
Əmin ola bilərsiniz ki, Bərdə ziyalıları və ictimaiyyəti Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, bölgənin sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş tədbirlərin vaxtında və müvəffəqiyyətlə həyata keçirilməsi üçün var qüvvələrini əsirgəməyəcəklər.
Sizə möhkəm cansağlığı, məqsədyönlü fəaliyyətinizdə uğurlar arzulayırıq”.