REGİONLAR
BAZARLARDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ QİYMƏTLƏRİNİN SÜNİ ARTIMININ QARŞISI ALINIR
APRELİN 1-DƏ BAKININ RAYONLARINDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Aprelin 1-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən edilmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Bu dəfə də qiymətlər bazarlardakından xeyli ucuz olmuşdur.
AZƏRTAC-ın müxbirləri satış yarmarkalarında olmuş, reportajlar hazırlamışlar.
NƏSİMİ RAYONU
“Təzə bazar” MMC-nin (S.Vurğun küçəsi, 73) həyətindəki yarmarkada satışa Sabirabad, Salyan, Gədəbəy, Tovuz, Hacıqabul rayonlardan gətirilmiş müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimovun verdiyi məlumata görə, şənbə və bazar günləri burada paytaxt sakinlərinə 25,9 ton məhsul, o cümlədən 7,2 ton ət, 5,4 ton tərəvəz, 11,1 ton kartof, 1,6 ton meyvə, 0,6 ton süd məhsulları və s. satılmışdır.
NƏRİMANOV RAYONU
Metronun “N.Nərimanov” stansiyasının yaxınlığında, “Bakı Taxıl” Açıq Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkaya Xaçmaz, İmişli, Tovuz, Astara, Salyan, Neftçala və Qobustan rayonlarından 21,9 ton məhsul gətirilmişdi.
Alıcılara 2,5 ton ət, 3,2 ton balıq, 3 ton kartof, 3,4 ton konserv, 4 ton tərəvəz, 5,4 ton meyvə, Goradil broyler fabrikindən gətirilmiş 86 min yumurta təklif olunurdu.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri məhsulların qiymətinə və keyfiyyətinə nəzarət edirdilər.
SURAXANI RAYONU
Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış massivi, “Günəş” ticarət mərkəzindəki yarmarkada kələm, kartof, alma, kök, soğan, çuğundur, xurma, mal və qoyun əti, digər kənd təsərrüfatı məhsulları bazardakından xeyli ucuz qiymətlərə satılırdı.
İşçi qrupunun qərargahından verilən məlumata görə, Samux, Şəki və Qobustan fermerləri yarmarkaya 6 tonadək məhsul, o cümlədən 1,6 ton ət çıxarmışlar.
Əmircan qəsəbəsinin S.Bəhlulzadə küçəsində, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində təşkil olunmuş yarmarkada isə satışa Cəlilabaddan gətirilmiş 3,5 ton buğda, arpa, noxud, lobya və digər məhsullar çıxarılmışdı.
BİNƏQƏDİ RAYONU
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada şənbə və bazar günləri satışa Qazax rayonundan gətirilmiş 10 ton meyvə-tərəvəz çıxarılmışdı. Qəsəbə sakini Rübabə Cəfərovanın sözlərinə görə, yarmarkanın davamlı təşkil edilməsi alıcıların ürəyincədir. Malların təzəliyi və qiymətlərin ucuzluğu hamını qane edir.
7-ci mikrorayondakı “Bolluq” bazarının yanında təşkil edilmiş yarmarkada şənbə və bazar günləri Ağstafa və Bərdə rayonlarından gətirilmiş 11 ton müxtəlif növ kənd təsərrüfatı məhsulları satılmışdır. Yarmarkalarda kələm və soğanın kiloqramı 60 qəpiyə, kartof 50 qəpiyə, mal əti 3 manat 40 qəpiyə, qoyun əti 4 manata, pendir 2 manata satılırdı.
Yarmarkanın təşkilatçıları əminliklə bildirdilər ki, mövsümün başlanması yaxın vaxtlarda yarmarkalardakı məhsulların, xüsusilə tərəvəzin artmasına səbəb olacaqdır.
XƏTAİ RAYONU
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində şəhər sakinləri satışa çıxarılan məhsulların bolluğundan razılıq edirdilər.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada Kürdəmir, Salyan, Quba, Qəbələ, Qax, Şəmkir, Ağcabədi, Gədəbəy, Hacıqabul və Astara rayonlarından gətirilmiş 15,5 ton kartof, 7,5 ton soğan, 6 ton kələm, 8,1 ton alma, 2 ton naringi və digər kənd təsərrüfatı məhsulları satılmışdır. Yarmarkada satılan məhsulların qiyməti bazardakından xeyli ucuz olmuşdur.
YASAMAL RAYONU
A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının 200 metrliyindəki yarmarkaya 40 tona yaxın kənd təsərrüfatı məhsulu, o cümlədən 10 min ədəd yumurta gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Gülağa Mustafayev bildirmişdir ki, yazın gəlişi ilə bağlı məhsulların çeşidində dəyişikliklər edilmiş və daha çox tələbat duyulan məhsulların gətirilməsi qərara alınmışdır.