ELM VƏ TƏHSİL
BDU-da ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” üzrə birinci seminarı başa çatıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” üzrə birinci seminarının bağlanış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, mərasimdə çıxış edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov birinci seminarda tələbələrin fəallıq göstərməsindən danışıb. Tələbələrə sürətlə inkişaf edən cihazqayırma sahəsində zəruri biliklərin praktik əsaslarla öyrədilməsində seminarın əhəmiyyəti vurğulanıb.
Müxtəlif universitetlərin komandalarının nümayəndələri çıxış edərək seminar barədə təəssüratlarını bölüşüblər.
Seminar iştirakçılarına və fəal “BDU könüllüləri”nə sertifikatlar təqdim olunub. Seminar müddətində hazırladıqları cihazlara görə fərqlənən iştirakçılar Təşkilat Komitəsi tərəfindən mükafatlandırılıb. BDU-nun Fizika fakültəsinin II kurs magistrantı Kənan Həsənov III, ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin IV kurs tələbəsi İmamrza Quluzadə II, BDU-nun “SABAH” qruplarının III kurs tələbəsi Aytən Məmmədova isə I yerə layiq görülüb. Qaliblərə qiymətli hədiyyələr verilib.
BDU-nun rektoru Elçin Babayev ICESCO-ya bu layihəni dəstəklədiyinə görə təşəkkürünü bildirib. O, gənc mühəndislər üçün müasir standartlara cavab verən seminarda cihazqayırma və tərsinə mühəndisliyə dair əsas texniki bilikləri və mühəndislik üzrə praktik bacarıqları mənimsədiklərinə əminliyini ifadə edib.
Rektor, eyni zamanda, bu seminarın tələbələrin texniki bacarıqlarını dərinləşdirmələrinə kömək etmək üçün hazırlandığını vurğulayaraq, təlimçilərə təşəkkür edib.
E.Babayev Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin Bakı Dövlət Universitetinin tələbələri ilə birgə uğurlu komanda fəaliyyətinə diqqət çəkərək BDU-nun qapılarının digər ali təhsil müəssisələrinin tələbələrinin üzünə açıq olduğunu qeyd edib, onları bu ali məktəbdə yaradılan Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində öz ideyalarını gerçəkləşdirməyə, mərkəzin dərnəklərində iştirak etməyə dəvət edib.
Rektor ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” üzrə birinci seminarının Təşkilat Komitəsinə və əməyi olan BDU əməkdaşlarına uğurlar arzulayıb.
Mərasim BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, ICESCO-nun təşəbbüsü və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaxından iştirakı ilə BDU-da keçirilən seminarın məqsədi cihazqayırmaya və tərsinə mühəndisliyə dair əsas ideyaları təqdim etmək, habelə müxtəlif növ sensorların istifadəsi, verilənlərin əldə edilməsi və emal edilməsi haqqında iştirakçıları məlumatlandırmaq idi.
Seminar iştirakçıları cihazların işlənməsinin əsas komponentləri ilə tanış olub, sensorlardan gələn siqnalları əldə etmək və mikronəzarətçilər vasitəsilə idarə etməyi öyrəniblər. Təlimlərin sonunda iştirakçılar özləri temperatur tənzimləyiciləri, elektrik ölçmə sistemləri və s. sadə cihazları işlətməyi təcrübə ediblər.