ELM VƏ TƏHSİL
BDU-da “Qarabağ Zəfəri - Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsi” mövzusunda beynəlxalq elmi konfrans
Bakı, 19 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Qarabağ Zəfəri - Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsi” mövzusunda beynəlxalq onlayn elmi konfrans keçirilir. Konfrans Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunub.
Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın plenar iclasında BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev çıxış edib. Prorektor qeyd edib ki, 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq, oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunub. Müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu tarix dəfələrlə sübut edib. Müstəqilliyin bərpasının ilk illərində xalqımız onu itirmək təhlükəsi ilə üzləşib, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən ölkə daxilində gedən siyasi çəkişmələr müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaratmışdı. Lakin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Məhz Ulu Öndərin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.
Prorektor müstəqilliyin möhkəmlənməsində və milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayaraq, bu böyük şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanın tarixi nailiyyətlərə imza atdığını söyləyib. Vətən müharibəsində qazanılan parlaq Qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu bildirən prorektor Azərbaycanın möhtəşəm Zəfəri Ali Baş Komandanın müdrik qərarları, rəşadətli Ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində əldə etdiyinə diqqət çəkib.
Sonra Milli Məclisin deputatı, BDU-nun Tarix fakültəsinin kafedra müdiri Anar İsgəndərov, Tarix fakültəsinin professoru İbrahim Zeynalov, Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Ələmdar Bayramov, Tarix fakültəsinin professoru Qabil Əliyev, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidov məruzə ilə çıxış ediblər.
Konfrans bölmə iclaslarında öz işini davam etdirir.