ELM VƏ TƏHSİL
BDU-da Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı
Bakı, 30 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Seminarda fakültənin III kurs tələbəsi Nuray Abbasova “Sulfat istehsalının ətraf mühitə təsiri” mövzusunda təqdimatla çıxış edib. O, sulfat turşusunun istehsalı zamanı yaranan ekoloji problemlər haqqında məlumat verib. Bildirilib ki, sulfat turşusunun alınmasının kamera və kontakt üsulları mövcuddur. Hər bir üsulun öz üstün və çatışmayan cəhətləri var. Sulfat turşusu neft emalı, neft-kimya, kimya sənayelərində, gübrə, sellüloza, batareya, kimyəvi təmizləyici maddələrin alınmasında istifadə olunur. Sulfat turşusu təbii mühitin komponentlərinə təsir edərək onların keyfiyyətini pisləşdirir, metalları korroziyaya uğradır, tikinti materiallarının, abidələrin sıradan çıxmasına, torpağın münbitliyinin azalmasına, su hövzələrinin turşuluğunun artmasına və s. səbəb olur.
Fakültənin III kurs tələbəsi Kamilla Canmirzəyeva “Qarabağ müharibəsinin ekoloji fəsadları” mövzusunda məruzəsində Ermənistanın işğal dövründə - son 30 ildə torpaqlarımızda törətdiyi ekoloji terror haqqında məlumat verib. O bildirib ki, həmin dövr ərzində qeyri-qanuni olaraq təbii sərvətlərin istismarı və mənimsənilməsi həyata keçirilib, ağaclar kəsilib, meşələrimiz yandırılaraq məhv edilib. Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, su ehtiyatlarına, fauna və florasına ciddi ziyan vurulub. Həmin ərazilərdə su ehtiyatları və çaylar da ciddi çirklənməyə məruz qalıb. Ermənistan zəhərli və dünyada istifadəsi qadağan olunmuş ağ fosfor tərkibli bombalardan istifadə edərək ekoloji terror həyata keçirib. Araz çayını ən çox çirkləndirən çaylardan biri Zəngilan rayonu ərazisindən axan Oxçuçaydır. Ermənistan dağ-mədən kombinatlarının yüz min tonlarla ağır metal duzları, kimyəvi turşuları Oxçuçaya axıdılır. Bu isə su mühitində yaşayan canlılar üçün çox təhlükəlidir. Xüsusilə su mühitinin ağır metallardan təmizlənməsi üçün kimyəvi üsullar tətbiq olunmalıdır. Torpaq mühiti rekultivasiya edilməli, kənd təsərrüfatının inkişafı həyata keçirilməlidir.
Tələbə Nuranə Bağırova “Həyat və ölüm” mövzusunda çıxışında bildirib ki, maddələr mübadiləsi, tənəffüs, homeostaz, çoxalma, qidalanma, böyümə orqanizmin inkişafının əsas xüsusiyyətləridir. Bəzi alimlərin fikrincə, orqanizmin qocalması hətta ziqot mərhələsindən başlayır, bəziləri isə onun reproduktiv funksiyaların dayandırılması anından başladığına inanırlar. Müəyyən edilib ki, in vitro kulturasında hüceyrə və toxumalar potensial ölümsüzdür, onların ölümü əlverişsiz şəraitdə baş verir. Hazırda bir insan üçün orta yaş həddi cəmi 72 il olduğu halda, bəzi ağaclarda bu, 5 min il (mamont ağacı), palıd üçün 4.500 ildir. Bəzi meduzalar (Turitopsis Nutrikula) isə tamamilə ölməzdir. Hazırda yaşlanma prosesini başa düşmək üçün genetiklər və molekulyar bioloqlar hüceyrəni araşdırırlar. Bir çox alimlərin fikrincə, ömrün uzadılmasının açarı məhz bu mikroskopik elementlərdə gizlidir.
Təqdim olunan məruzə maarifləndirici xarakter daşımaqla bu haqda fikirlərin ümumiləşdirilməsinə həsr olunub.