ELM VƏ TƏHSİL


BDU-da akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunan Beynəlxalq konfrans keçiriləcək

Bakı, 17 avqust, AZƏRTAC

Sentyabrın 29-dan 30-dək Bakı Dövlət Universitetində (BDU) akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunan “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Konfransın təşkilində əsas məqsəd müasir kimyanın fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, əldə edilmiş ən mühüm nəticələri müzakirə etmək, yeni prioritet istiqamətləri müəyyənləşdirmək, bu sahədə elmi nailiyyətləri və təcrübələri paylaşmaq, habelə əldə edilən nəticələrin təcrübədə tətbiqinin forma, metod və yollarını tapmaq və gənclərin elmə olan marağını artırmaqdır.

Türkiyə, Pakistan, Almaniya, Ukrayna, Böyük Britaniya, Belçika, Portuqaliya, Litva, Çin, Hindistan, Vyetnam, Polşa, Özbəkistan, Rusiya, Qazaxıstan, Gürcüstan kimi xarici ölkələrdən, respublikamızın bir çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçıların iştirakı ilə keçiriləcək konfransda analitik kimya, ekoloji kimya və ətraf mühitin mühafizəsi, kimyanın tədrisi metodikası, perspektivli materialların sintezi, fiziki kimya və qeyri-üzvi materialşünaslıq kimi sahələr üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Konfransda müxtəlif ölkələrdən olan dəvətli alim və mütəxəssislər bu sahənin problemləri və alınmış ən son nəticələr üzrə məruzələr edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.