ELM VƏ TƏHSİL
BDU-da kitabxana və nəşriyyat işinin yenidən qurulması ilə bağlı müzakirələr aparılıb
Bakı, 9 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Elmi kitabxana və “Bakı Universiteti” nəşriyyatının kollektivi ilə görüşüb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin cari və perspektiv fəaliyyət proqramından danışan E.Babayev tədrisin keyfiyyətinin artırılması, elmi tədqiqatların genişləndirilməsi istiqamətində aparılan işlərə təkan olaraq kitabxana və nəşriyyat işinin yenidən qurulacağını diqqətə çatdırıb.
Kitabxana işinin təşkili sahəsində dünyada ciddi dəyişikliklərin baş verdiyini vurğulayan rektor elektron kitabxana və bu sahədə yeni yanaşmaların tətbiqinin vacibliyini qeyd edib. E.Babayev elektron kitabxananın müasir dövrün tələbi olduğunu xatırladaraq onun insanların informasiya əldə etməsi üçün zaman və məkan asılılığına son qoyduğunu bildirib.
Görüşdə tələbə və müəllimlərin kitabxanadan daha səmərəli istifadə etmələri üçün ikinövbəli iş rejimi və elmi nəşrlərə abunə, həmçinin “Bakı Universiteti” nəşriyyatının yeni poliqrafik avadanlıqlarla təchiz olunması, daha keyfiyyətli mətbəənin qurulması barədə müzakirələr aparılıb.
Rektor kollektivin birgə əməyi sayəsində görüləcək işlərin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.
Sonra suallar cavablandırılıb.
Qeyd edək ki, görüşlərin davamlı olaraq digər strukturlarda da keçirilməsi nəzərdə tutulub.