ELM VƏ TƏHSİL
BDU-nun 100 illik yubileyi ilə bağlı yaradıcılıq müsabiqəsinə yekun vurulub
Bakı, 15 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) elmi şuranın növbəti iclası keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev gündəlikdə olan məsələləri şura üzvlərinin diqqətinə çatdırıb, universitetin 100 yaşının tamam olması münasibətilə kollektivi təbrik edib. Bildirib ki, Bakı Dövlət Universiteti 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilib, noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilib.
Universitetin 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlər və son hazırlıq işləri barədə məlumat verən rektor yubileyin UNESKO-nun Parisdəki Baş qərargahında, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində, eyni zamanda, bu ali təhsil ocağının Qazax filialında, Mingəçevir, Sumqayıt, Lənkəran Dövlət universitetlərində, Azərbaycan Dövlət Pedaqoji, Bakı Mühəndislik universitetlərində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Milli Kitabxanasında, habelə digər elm və təhsil mərkəzlərində qeyd edildiyini diqqətə çatdırıb.
Rektor yubiley münasibətilə hazırlanmış kitablar haqqında da danışıb, 100 illiklə bağlı elan edilmiş yaradıcılıq müsabiqələrinə yekun vurulduğunu, yaxın günlərdə qaliblərin elan ediləcəyini bildirib.
İclasda yubiley münasibətilə universitetin bütün əməkdaşlarının hər birinə 500 manat miqdarında mükafat verilməsi, rektor yanında ağsaqqal müəllimlərdən ibarət Məsləhət Şurası üzvlərinin universitetdə “Kitab evi”nin yaradılmasına dair təklif, Bakı Dövlət Universiteti və bu ali təhsil ocağının Həmkarlar İttifaqı Komitəsi arasında imzalanmış Kollektiv müqavilənin təsdiqi barədə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
İclasda elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarı haqqında məlumat verib.
İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.