SİYASƏT
BERNAMA agentliyi: Nikol Paşinyan bəyanatı dəmir yumruğun hesabına imzalayır
Kuala Lumpur, 11 noyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə razılaşmanı Ermənistanın məğlubiyyəti adlandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi yaydığı məlumatda bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 10-da xalqa müraciəti əsasında hazırlanmış məlumatda qeyd edilir ki, dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin qurtardığını bəyan edib.
Azərbaycan Prezidentinin xalqa müraciətinin geniş əks olunduğu xəbərdə bildirilir ki, dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın bu bəyanatı öz istəyi ilə deyil, məhz Bakının dəmir yumruğunun hesabına imzaladığını vurğulayıb.
Məlumatda Ali Baş Komandanın sentyabrın 27-dən başlamış döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunu əzərək təqribən 300-dək yaşayış məntəqəsini azad etməsinə dair fikrini də qeyd edib.
Azərbaycan Prezidentinə istinadla Ağdam rayonunun noyabrın 20-dək, Kəlbəcər rayonunun noyabrın 15-dək, Laçının isə dekabrın 1-dək boşaldılacağı bildirilib.
Yazıda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə də məlumat verilir. Bildirilir ki, 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının 20 faizi Ermənistan ordusunun işğalı altında idi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur