BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ GƏNCƏDƏ TƏNTƏNƏİLƏ QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Beynəlxalq Əlillər Günü münasibətilə Gəncədə keçirilən tədbirin iştirakçıları əvvəlcə şəhərin baş meydanında ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuşlar.
Bayram mərasimi “Kür-Xəzər” xeyriyyə cəmiyyətinin şadlıq sarayında davam etdirilmişdir.
Tədbirdə çıxış edənlər əlillərin cəmiyyətimizə inteqrasiyası üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışmış və onların daim qayğı ilə əhatə olunduqlarını vurğulamışlar. Qeyd olunmuşdur ki, hazırda ölkə başçısının təşəbbüsü ilə əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların pulsuz minik avtomobilləri ilə təminatı üçün kompleks tədbirlər həyata keçirilir. Əlillərin xarici ölkələrdə müalicəsindən ötrü hər il dövlət büdcəsindən xeyli vəsait ayrılır.
Tədbir bayram süfrəsi arxasında, şən musiqi sədaları altında davam etdirilmişdir.