ELM VƏ TƏHSİL
BEYNƏLXALQ ELMLƏR AKADEMİYASI AZƏRBAYCAN BÖLMƏSİNİN İCLASINDA
Mayın 10-da “Həyat-Recensi Naxçıvan” mehmanxanasında Beynəlxalq Elmlər Akademiyası /BEA/ Azərbaycan bölməsinin növbəti iclası olmuşdur. BEA-nın elmi inkişaf üzrə prezidenti akademik Valter Kofler /Avstriya/, Şərqi Avropa bölməsinin prezidenti akademik Karl Gext, BEA-nın akademiki Yelena Savoley iclasda iştirak edirdilər.
Valter Kofler təbiət elmləri və texniki fənlər üzrə BEA-nın üzvü seçilmiş görkəmli Azərbaycan alimlərinə akademiyanın həqiqi və müxbir üzvü diplomlarını təqdim etdi, Azərbaycan alimlərinin apardıqları tədqiqatların yüksək səviyyədə olduğunu vurğuladı.
Akademik Karl Gext Azərbaycan və Almaniya alimlərinin təbii seolitlər və mineral kompozisiya əsasında birlikdə nadir preparat hazırladıqları və ondan vərəmin, onkoloji xəstəliklərin müalicəsində istifadə ediləcəyi barədə məlumat verdi.
Geologiya-mineralogiya elmləri doktoru, BEA-nın akademiki Elçin Xəlilov kosmik tədqiqatlar mövzusunda məruzə etdi.
İclasın yekunlarına əsasən, kosmik tədqiqatlar sahəsində proqram təsdiq olundu. Onun həyata keçirilməsində Azərbaycan, Almaniya və Türkiyə alimləri iştirak edəcəklər.