ELM VƏ TƏHSİL
BİLİK GÜNÜ RESPUBLİKANIN ŞƏHƏR VƏ RAYONLARINDA TƏNTƏNƏ İLƏ QEYD OLUNMUŞDUR
Hazırda Azərbaycan əhalisinin dörddə biri məktəbli, tələbə və müəllimlərdən ibarətdir. Bu il 150 mindən çox uşaq ilk dəfə məktəb partası arxasında əyləşəcəkdir.
Son illər respublikamızda ənənəyə çevrilmiş Bilik günü bu il də əsl bayram kimi qeyd olunmuşdur.
* * *
Bakı şəhərinin Qaradağ rayonunda yeni dərs ilinə hazırlıqla bağlı icra hakimiyyətinin, idarə və müəssisələrin, bir sıra xarici şirkətlərin köməyi ilə ümumtəhsil məktəblərində və məktəbəqədər tərbiyə müəssisələrində geniş təmir işləri aparılmış, fənn kabinələri, sinif otaqları müasir avadanlıqla təchiz edilmişdir.
Azərbaycan Respublikasının Baş naziri İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu“ tərəfindən məcburi köçkünlər üçün inşa edilmiş Ümid qəsəbəsindəki 294 nömrəli orta məktəbdə 1 sentyabr - Bilik günü və yeni tədris ilinin başlanması münasibətilə böyük şənlik keçirilmişdir. Tədbirdə müəllimlər və şagirdlər, qəsəbə sakinləri ölkəmizdə gənc nəslin təlim-tərbiyəsinə göstərilən qayğıya görə Prezident Heydər Əliyevə, respublika hökumətinə dərin minnətdarlıqlarını bildirmişlər.
Yeni dərs ili ərəfəsində bp şirkəti və “Dünyaya Baxış” beynəlxalq humanitar təşkilatı tərəfindən məktəbdə keyfiyyətli təmir işləri aparılmışdır. Burada yeni sinif otaqları istifadəyə verilmiş, kompüterlər quraşdırılmışdır.
* * *
Bakı şəhərinin Nəsimi rayonundakı Milli Qəhrəman Tahir Həsənov adına 23 nömrəli orta məktəbdə Bilik gününə və yeni dərs ilinin başlanmasına həsr olunmuş mərasim Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.
Məktəbin direktoru Nailə Rzaquliyeva ötən tədris ilində əldə olunmuş nailiyyətlərdən danışmış, cari ildə məktəbin 64 məzunundan 58-nin test imtahanlarında yüksək bal toplayıb ali məktəblərə qəbul olunduğunu vurğulamışdır. O bildirmişdir ki, yeni dərs ilində məktəbin 1-ci siniflərində 260 uşaq oxuyacaqdır.
Təhsil nazirinin müavini İradə Hüseynova çıxış edərək, Prezident Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, respublikada həyata keçirilən təhsil islahatlarının əhəmiyyətindən danışmış, Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik etmişdir.
Valideynlər adından çıxış edən Fəridə Məmmədova yeni nəslin təlim-tərbiyəsinə göstərilən qayğıya görə ölkə rəhbərliyinə, habelə təhsil işçilərinə minnətdarlığını bildirmişdir.
Maraqlı ədəbi-bədii proqramla başa çatan mərasimdə təhsil naziri Misir Mərdanov iştirak edirdi.
* * *
Ağstafa rayonunun sərhəd kəndi Köhnə Qışlaqdakı orta məktəb ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə ermənilər tərəfindən dağıdılmışdı. Lakin indi rayonun daxili imkanları hesabına bərpa edilən məktəb on illik fasilədən sonra yenidən qapılarını şagirdlərin üzünə açmışdır.
İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayon üzrə 39 məktəbin hamısı əsaslı təmir edilmişdir. Bundan əlavə, Almaniya Texniki Əməkdaşlıq Təşkilatının ayırdığı 67 milyon manat vəsait hesabına şəhərdəki 2 nömrəli orta məktəbin dam örtüyü də təzələnmişdir.
* * *
Sentyabrın 1-də Sumqayıtın 60 min məktəblisi üçün yeni dərs ilinin ilk zəngi vurulmuşdur. Onlardan 2 min nəfəri birinci sinifdə oxuyacaqdır.
Sumqayıt təhsil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, şəhərin əsaslı təmir edilmiş bütün 48 orta məktəbi şagirdləri qarşılamağa hazırdır. 1-5-ci sinif şagirdləri dərsliklərlə tam təmin olunmuşlar.
Respublikanın ali məktəblərinə qəbul imtahanlarını müvəffəqiyyətlə verib tələbə adını qazanan keçmış məzunların əldə etdiyi yüksək nəticələr ümid bəsləməyə əsas verir ki, Sumqayıtın 5000 müəlliminin səyi ilə bu təhsil ili də uğurla başa çatacaqdır.
* * *
Paytaxtın Xətai rayonundakı Milli Qəhraman Elşad Yəhyayev adına 56 nömrəli orta məktəb-litseydə keçirilən mərasim də Dövlət himnimizlə başlanmış, milli bayrağımız qaldırılmışdır.
Direktor Hicran Qarayeva gələn il 120 illik yubileyini qeyd edəcək məktəbin uğurlarından və 2003/2004-cü tədris ilinə hazırlıqla bağlı görülmüş işlərdən danışmış, yeni dərs ilində 133 şagirdin 1-ci sinfə qəbul olunduğunu bildirmişdir. Bu il məktəbdə əsaslı təmir işləri aparılmışdır. Təhsil naziri Misir Mərdanov, səhiyyə naziri Əli İnsanov, təhsil nazirinin müavini İradə Hüseynova, rayon rəhbərliyi yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Şagirdlərin ifasında vətən, ana, sülh haqqında şerlər səslənmişdir.
Sonra qonaqlar məktəbin sinif otaqları, fənn kabinələri, idman salonu, səhiyyə nazirinin təşəbbüsü və köməyi ilə yaradılmış, müasir cihazlarla təchiz edilmiş tibb otağı ilə tanış olmuşlar.