DÜNYA
BİOMÜHƏNDİS TOXUMA ÜZƏRİNDƏ İŞ YENİ MƏRHƏLƏYƏ QƏDƏM QOYMUŞDUR
Bakı, 20 iyul (AZƏRTAC). Biomühəndis toxumanın yaradılmasında yeni mərhələ başlanmışdır. Amerika alimlərinin yetişdirdikləri ağ ciyər siçovullara köçürüldükdən sonra altı saat işləmişdir.
Bunun üçün gəmiricilərin sol ağ ciyərindən qan damarlarından, hava yollarından və birləşdirici toxumalardan başqa bütün hüceyrələr çıxarılmış, bir növ matrisa yaradılmışdır. Buraya tərkibində epitelial və endotelial hüceyrələrlə birləşmiş bəsləyici maddələr olan bioreaktor yerləşdirilmişdir. Qaz mübadiləsini saxlamağa qadir olan yetişdirilmiş toxumanın lazımi ölçülərə gəlib çatması üçün bir həftə tələb olunmuşdur.
Bu yolla yetişdirilmiş ağ ciyər siçovullara köçürülmüşdür. Amma yalnız altı saat işləmişdir. Sonra maye yığılması səbəbindən ağ ciyərin fəaliyyəti dayanmışdır. Onun fəaliyyətini havalandırma üsulu ilə bərpa etmək cəhdi uğursuzluqla nəticələnmişdir. Ona görə də tam həyat qabiliyyətli biomühəndis toxuması barədə danışmaq hələ tezdir. Amma laboratoriya şəraitində ağ ciyərin yetişdirilməsi həmin metodikanın ən yaxşı alternativini axtarıb tapmağa imkan verəcəkdir.