BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ TƏYYARƏ QƏZASI NƏTİCƏSİNDƏ 43 NƏFƏR HƏLAK OLMUŞDUR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Şərcə əmirliyində İran təyyarəsinin qəzaya uğraması nəticəsində 37 sərnişin və 6 heyət üzvü həlak olmuşdur. Sağ qalan üç nəfər isə yerli hospitallardan birində yerləşdirilmişdir.
Əmirliyin mülki aviasiya departamentindən bildirmişlər ki, İranın Kiş adasından 40 sərnişinlə havaya qalxan təyyarə Şərcə hava limanının enmə zolağına 3 kilometr qalmış qəzaya uğramışdır. Təyyarə ilə rabitə əlaqəsi zamanı nasazlıq barədə heç bir məlumat alınmamışdır.
Təyyarədə Hindistan, İran, Filippin, Banqladeş, Nigeriya, Sudan, Misir və Suriya vətəndaşları olmuşlar.