İQTİSADİYYAT
“BİZ NEFTÇİLƏR ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN QAYĞISINI HƏR AN HİSS ETMİŞİK”
AZƏRTAC-ın müxbiri xəbər verir ki, təltif mərasimində şirkətin prezidenti Natiq Əliyev Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesinin tarixindən, fədakar neftçilərimizin qazandığı uğurlardan danışmışdır. O, qeyd etmişdir ki, müasir dövrdə neft həm siyasi, həm də iqtisadi amilə çevrilmişdir. Xüsusilə, 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası sayəsində “Əsrin müqaviləsi” imzalanandan sonra neft sənayesində daha böyük nailiyyətlər qazanılmış, Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Artıq 1996-cı ildən bu sahə dinamik inkişafdadır. Neftçilərimiz isə həmişə öndə getmiş, bütün dövrlərdə ən yüksək titullara layiq görülmüşlər. Ümummilli liderimiz Heydər Əliyev neftçilərimizin əməyini daim yüksək qiymətləndirmiş, öz qayğısını onlardan bir an belə əsirgəməmişdir. Ümummilli liderimiz 2001-ci il sentyabrın 20-də - “Neftçilər günü” münasibətilə 94 neftçini, 2003-cü il avqustun 29-da isə “Azərneftyanacaq” neft emalı zavodunun 50 illik yubileyi münasibətilə 27 neftayıranı müstəqil Azərbaycanın “Tərəqqi” medalı ilə təltif etmişdir. Məlum səbəblər üzündən xalqımızın görkəmli oğluna çox sevdiyi neftçiləri təbrik etmək qismət olmadı. Qoy bu gün onun ruhu şad olsun.
Natiq Əliyevin təklifi ilə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Dövlət Neft Şirkətinin bütün strukturlarında, o cümlədən neft-qazçıxarma, tikinti və qazma idarələrində, həmçinin emal müəssisələrində, müştərək müəssisə və əməliyyat şirkətlərində, eləcə də Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin dəniz və qurudakı obyektlərində çalışan 121 nəfər neftçiyə “Tərəqqi” medalı təqdim edilmişdir.
Neftçilər göstərilən qayğıya və müstəqil Azərbaycanın yüksək mükafatına layiq görüldüklərinə görə, ümummilli liderimiz Heydər Əliyevin xatirəsini dərin minnətdarlıq hissi ilə yad etmiş və bundan sonra da neftçi peşəsinin şərəfini uca tutacaqlarını bildirmişlər.