ELM VƏ TƏHSİL
BSU-da almanların Qafqazda yerləşməsinin 200 illik yubileyi ilə bağlı tədbir
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan ədəbiyyatı kafedrasının, həmçinin Azərbaycan filologiyası və jurnalistika fakültəsinin təşkilatçılığı ilə almanların Qafqazda yerləşməsinin 200 illik yubileyinə həsr olunan tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam imzaladığını xatırladıb və tədbirin həmin sənədə əsasən keçirildiyini söyləyib.
Rəhilə Qeybullayeva Azərbaycan və Almaniya mədəniyyətinə xas olan ortaq məqamlardan söz açıb.
Almaniyanın Berlin Humboldt Universitetinin Berlin-Azərbaycan tarixi kafedrasının müdiri, professor Yeva-Mariya Aux tarixən Azərbaycanda məskunlaşmış 500 alman ailəsindən, onların Cənubi Qafqaz regionunda məskunlaşdığı dövrlərdən, almanların bu ərazilərə gəlmə səbəblərindən söz açıb. Ölkəmizdəki tarixi alman məskənlərinin və abidələrinin mühafizəsi, bərpası və təşviqi məqsədilə görülən işlərdən, hər iki tərəfdən irəli sürülən təşəbbüslərdən danışıb.
Yeva Mariya Aux iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində sıx əməkdaşlıq edildiyini də diqqətə çatdırıb.
Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı bürosunun dil üzrə məsləhətçisi Rusudan Abşilova Almaniyada təhsil almağın asan yolları ilə bağlı tələbələrə bir sıra tövsiyələr verib, onları təqaüdlü proqramlar haqqında məlumatlandırıb.
Tədbir müzakirələrlə davam edib.